Bu yerə qədər marşrutu Google Maps-də göstər baxış sayı: 181268

TƏSVİR

Ünvan: Azərbaycan, Ağstafa rayonu, H.Əliyev pr 10
Tel: (+99 422) 22 536 62
Faks: (+99 422) 22 536 62
E-mail: keshikchidag@mail.ru
Web: http://keshikchidaq.az

Ağstafa rayonu Azərbaycanın tarixinə görə ən qədim, coğrafi-siyasi mövqeyinə görə ən strateji, təbiətinə görə ən zəngin bölgələrdən biridir. Bunu Ağstafa rayonu ərazisində saysız-hesabsız yeraltı və yerüstü maddi-mədəniyyət nümunələri, qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, məscid, pir, ziyarətgah və ocaqlar da təsdiq edir.

Belə sirli, dərin araşdırmaya ehtiyac duyulan yaşayış məskənlərindən biri də rayonun ərazisində yerləşən “Keşikçidağ” mağaralar kompleksidir. Özünəməxsus əzəmətli görünüşü ilə insanları valeh edən, qədim yurdun daş kitabəsi hesab edilən “Keşikçidağ” mağara-məbədlər kompleksi Ağstafa rayonunun mərkəzindən 75 km məsafədə, Böyük-Kəsik kəndindən 28 km şimal istiqamətində yerləşir. “Keşikçidağ” mağara-məbədlər kompleksi sərhəd zolağı boyunca 25 km-dək uzanır. “Keşikçidağ” mağara-məbədlər kompleksi ucsuz-bucaqsız Ceyrançöl adlanan ərazidə, Qatardağ silsiləsində, Candar gölündən 15 km şimal-şərq istiqamətindən başlayaraq dəniz səviyyəsindən(+ 750-950 m hündürlükdə dağların cənub və cənub-şərq tərəfindəki sıldırım qayalıqlarda yerləşir.

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində 70 mağara, 2 məbəd, bir qala, bir inanc yeri, 100-ə yaxın kurqan tipli qəbir, 23 su quyusu, 14 ərzaq anbarı, 30-a yaxın sığınacaq vardır. Dövlət başçısı cənab İlham Əliyevin 19 dekabr 2007-ci ildə 2563 saylı sərəncamı ilə mağaralar kompleksindəki zəngin tarixi-etnoqrafik, mədəniyyət abidələrinin daha da dərindən öyrənilməsi, qorunması və təbliği məqsədilə ərazi “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edildi. Həmin vaxtdan qoruğun ərazisindəki strateji cəhətdən ən hündür yüksəkliklərin biri ölkə prezidentinin şərəfinə “İlham Əliyev zirvəsi” adlandırılmışdır.

Keşikçidağ qoruq elan edildikdən sonra bu qədim yurdun daş kitabəsi ilə, əcdadlarımızın bizə miras qoyduğu abidələrlə maraqlanan insanlar üçün tariximizə açılan yolun təməli qoyuldu. Qoruğun təbliğat işləri bununla yekunlaşmamış, 3 dildə sayt yaradılmış, “Yaddaş” studiyasının təşkilatçılığı ilə “Qədim yurdun daş kitabəsi” adlı bədii sənədli film hazırlanmışdır. Qoruq ərazisinin daim abadlaşdırılması, təbii landşaftın qorunub saxlanılması qoruq əməkdaşları tərəfindən daim nəzarətdə saxlanılmaqdadır.




VİRTUAL TUR